QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Fevzihan Aras: “Azarkeşlərlə birləşmədən klub olmaq mümkün deyil” (Futbol dunyasi, 09.11.2007)


 “Bir-iki sponsorla iş bitmir”

 

Ölkəmiz müstəqilliyini qazandıqdan sonra təşkil olunan futbol üzrə bütün milli çempionatlarda iştirak edən üç klubdan biri də “Qarabağ”dır. Ağdam təmsilçisi futbol tariximizə adını İntertoto kuboku yarışında mərhələ adlayan ilk təmsilçimiz kimi yazdırıb. Klub yarandığı ilk illərdə maddi sıxıntı keçirsə də, artıq 7 ildir ki, bu cür problemlə üzləşmir. 2001-ci ildə “Azərsun Holdinq”in himayəsi altına keçən “Qarabağ” geridə qalan dövr ərzində bir dəfə ölkə kubokunun qalibi olub, iki dəfə isə UEFA kubokunda iştirak edib. Ötən mövsümün ortasında Rasim Karanı “sükan” arxasına gətirən klub rəhbərliyi təsisləşmə işinə də diqqəti artırmağa başladı. “Azərsun Holdinq”in Qarabağ təmsilçisi üçün bazanın inşası planlaşdırması bu qəbildən olan işlərdəndir. Holdinqin baş direktoru Fevzihan Aras artıq neçə ildir ki, klubun maliyyə məsələlərini yoluna qoymaqla məşğuldur. Dünən o, “Qarabağ”ın rəsmi saytına müsahibə verib. Futbolla ilk tanışlığı haqqında danışan baş direktor azarkeşlik etdiyi komandanın adını açıqlamaqla yanaşı, “Qarabağ”la bağlı fikirlərini də paylaşıb.

- Futbolla ilk tanışlığım, hardasa, 1974-75-ci illərə təsadüf edir. O zaman yaşadığım Ağrı rayonunda nə televizor, nə də radio var idi. Qonşuluqda yaşayan həmyaşıdımın atası oğluna futbol jurnalları vermişdi. Mən də ilk dəfə o zaman futbolun nə olduğunu həmin dərginin səhifələrindən öyrəndim. Əslində, bu istək rənglərə olan marağımdan irəli gəlirdi. Heç futbolun nə olduğunu başa düşmürdüm. Amma “Fənərbağça”nın rəngləri xoşuma gəlmişdi. Dediyim kimi, o vaxt əyalətin bir küncündə futbol haqqında anlayışım yalnız rənglərdən ibarət idi.

- Bəs futbolla sözün həqiqi mənasında tanışlığınız nə zaman olub?

- 1978-ci ildə keçirilmiş dünya çempionatında. Azarkeşlik etdiyim Argentina həmin il çempion olmuşdu. Eyni zamanda, 4 il sonra keçirilmiş mundialı da unuda bilmərəm.

- Adətən uşaqlıq illərində idmana böyük həvəs olur. Yəqin siz də bu arzunu qəlbinizdə hiss etmisiniz...

- Bəli. Amma mən futboldan daha çox, voleybola üstünlük vermişəm. Pis də oynamırdım. Lakin ailə üzvlərim bizneslə məşğul olduqları üçün onların yolunu davam etdirəcəyimi əvvəldən bilirdim. Ona görə də idman məni özünə çox çəkmədi.

- Axırıncı dəfə nə vaxt futbol oynamısınız?

- 1990-cı illərin əvvəlində İstanbulda dostlarımla 15 gündən bir formada qalmaq üçün oynayırdıq. Bakıda isə axırıncı dəfə 2002-ci ildə oynamışam. Həmin oyunda topun 2 dəfə sifətimə dəyməsindən sonra anladım ki, futbol mənlik deyil (gülür).

- Keçək “Qarabağa”. Bu ad sizin üçün nə deməkdir?

- Bilirsiniz, artıq uzun müddətdir, vətənimdən ayrı düşmüşəm. Qarabağ itkisinin nə demək olduğunu, o torpaqlardan ayrı qalanların nə yaşadığını başa düşməmək olmaz. Düzdür, mənim vəziyyətimlə torpaqlarından didərgin düşmüşlərin vəziyyəti eyni deyil. Bizim məqsədimiz hər iki “Qarabağ”ı daim yaşatmaqdır.

- Artıq 6 ildir ki, “Qarabağ” “Azərsun Holdinq”in himayəsindədir. Bu vaxt ərzində çoxmu dəyişiklik olub?

- Bidiyiniz kimi, o vaxt “Azərsun” adlı komandamız ikinci dəstədə çıxış edirdi. Yadıma gəlir, o vaxt kluba ilk legioneri - “Göztəpə”dən Ali Eseni komandaya mən gətirmişdim. Sumqayıtda qalırdıq. Çox çətin vəziyyət idi. Lakin tutduğumuz yolun doğruluğuna əmin olduğumuz üçün heç bir zaman geri çəkilmədik. Artıq düşünülmüş strategiya ilə nəinki ölkə futbolunda sözümüzü deməyə, eyni zamanda, Avropaya çıxmağa çalşırıq.

- Yəqin futbola baxmağa vaxtınız olmaz...

- Qeyd etdiyim kimi, uşaqlıqdan “Fənərbağça”nın azarkeşiyəm. İndi də Türkiyə derbilərinin hamısını izləyirəm. “Real”ın və “Barselona”nın da matçlarını qaçırmıram. Hətta oyunu izləməyə imkanım olmayanda, qollara baxmağa çalışıram.

- Yəqin ki, “Fənərbağça - “Beşiktaş” matçını izləmisiniz və baş hakimin etdiklərinizdən xəbəriniz var...

- Bilirsiniz, bu, dünyanın hər yerində belədir. Ötən il elə bizim çempionatda “Xəzər-Lənkəran”- “Neftçi” qarşılaşmasından sonra da tərəflər hakimi günahlandırdılar. “Fənərbağça”nın Türkiyə Futbol Federasiyası ilə problemi var. Nəticədə hakimlərin üzərində təzyiqlər yaranır. Təbii ki, “Beşiktaş”ın da haqqının tapdandığını unutmaq olmaz. Amma inkişaf etmək istəyiriksə, belə halları bu qədər qabartmamalı, eyni zamanda, ədalət təmsilçilərinin kimisə məhv edəcəyi düşüncəsindən uzaq olmaq lazımdır. Ötən il “Qarabağ”a qarşı hakimlər kifayət qədər haqsızlıq etdilər. Amma bütün klublar da eyni səbəbləri göstərir. İnkişaf etmək istəyirksə, ilk növbədə maariflənməliyik. Türkiyə də bu günlərə uzun müddətə gəlib. Təbii ki, 3 il bundan əvvəlki vəziyyətlə indiki durum eyni deyil. Gələcəkdə də inkişaf olacaq. Amma ilk növbədə bütün klublar xoşniyyətli olmalıdır. Bu zaman hakimlərin üzərində olan xofu aradan götürmək olar.

- “Qarabağ”ı Avropa klubuna çevirmək üçün nə etmək lazımdır?

- Biz sponsor kimi “Qarabağ”ın və Qarabağın nə anlam daşıdığını unutmuruq. Qayəmiz “Qarabağ” sözünü hamıya sevdirməkdir. İstər “Neftçi” azarkeşi olsun, istərsə də “Xəzər-Lənkəran”. Heç kim bizim kimi Qarabağ adına görə “Qarabağ”a sponsorluq edə bilməz. Məqsədimiz çox aydındır. İnşallah, 2008-ci ildə öz bazamıza yığışmaq istəyirik. Artıq layihə üzərində son işlər görülür. Bundan başqa, azarkeşlərimizlə birləşməliyik. 300-500 nəfər azarkeşlə inkişafdan danışa bilmərik. Baxın Avropaya. Azarkeşlər həm hakimə, həm də kluba təsir edir. Bu, inkişaf və tərəqqi çox vacibdir. Hakim meydanda azarkeşin təzyiqini hiss etməlidir ki, səhv etməkdən çəkinsin. Amma qeyd etdiyimiz kimi, bir oyuna 300 nəfər gəlirsə, bir sıra boşluq yaranır.

- “Qarabağ”ın hansı oyunçularını bəyənirsiniz?

- Ad çəkməyim düzgün olmazdı. Amma hər halda, kapitan Aslanı və Azəri fərqləndirərdim. Həm oyunçu, həm də insanlıq baxımından. Yeni gələnlərdən Viktorun oyunundan xoşum gəlir.

- Bayaq “Fənərbağça”ya azarkeşlik etdiyinizi bildirdiniz. Bu komandadan kimi “Qarabağ”a dəvət etmək istərdiniz?

- Roberto Karlosu. Zənnimcə, o, təcrübəsi və çalışqanlığı ilə bizim futbolçulara çox yaxşı örnək olardı. Fikir verin, braziliyalı müdafiəçinin “Fənər”ə gəlməsiylə, Zikonun komandası Avropa futbolu oynamağa başladı. Görürsünüz, komandanın Çempionlar Liqasındakı çıxışını? Komandanın hədəfləri də dəyişdi. Biz də “Qarabağ” üçün ən yaxşısını etməyə çalışırıq.

- Bu gün Azərbaycanda futbola maraq yetərincə deyil. Dünyada hakim olan top oyununu məşhurlaşdırmaq üçün nə etmək lazımdır?

- Bir neçə sponsorla iş bitmir. Azarkeşsiz isə futbol ola bilməz. Təbii ki, AFFA nəsə etməyə çalışır. Amma klublar, hakimlər, azarkeşlər - hər kəs maarifləndirilməlidir. Türkiyəyə nəzər salsaq, “Türkcell”, “Avea”, “Cola Turka”nın klublarla sponsorluq müqavilələri bağlaması müəyyən maraqların olmasından irəli gəlir. Yenə də qeyd edirəm, Türkiyə bir zamanlar Azərbaycanın bu vəziyyətindən fərqlənmirdi. 20 il əvvəl ölkədən kənarda ancaq “Neftçi”ni tanıyırdılar. Çalışıb klublarımızı beynəlxalq miqyasda tanıtmalıyıq. Təbii ki, bu, ilk növbədə idmandakı uğurlardan asılıdır. Bunun üçün isə zamana ehtiyac var.  KİV-in üzərinə də böyük iş düşür. Televiziyalarda idman proqramı olmalıdır ki, insanlarda futbola maraq oyatsın. İdman yazarlarını da televiziya verilişlərinə cəlb etmək lazımdır.

- Bu gün futbol idmanla yanaşı, biznesə çevrilir. Məsələn, Abromoviçin “Çelsi”ni almasında maliyyə maraqları da var. Buna münasibətiniz necədir?

- İnanmıram ki, Abromoviç “Çelsi”dən pul qazanmağa nail olsun. Düzdür, klubun səhmlər paketini ələ keçiridiyi vaxtdan indiyə qədər onun qiyməti yüksəlib. Futbolda qazanc amilini 2 yerə bölmək var: çox yüksək qazanclı maqnatların birbaşa sərmayəsi və televiziya, bilet və s. kimi yollarla maliyyələşmək. Birinciyə Rusiya klublarını göstərmək olar. “Zenit”, “SSKA” kimi klublara yatırılan sərmayələr öz səmərəsini verməyə başlayır. Deməli, pulla yanaşı, sistem də düzgün qurulur. İkinci qrupa isə hegemonları misal göstərmək olar. “Real” və “Barselona” teleyayımdan 1 milyard dollar əldə edir. Azərbaycanda isə vəziyyət fərqlidir. 2-3 sponsorla heç nə dəyişmir. Heç televiziyanın pul verməsini də istəmirik. Gəlib oyunları çəksinlər ki, insanların futboldan xəbərləri olsun.

- Sizi tez-tez “Qarabağ”ın oyunlarında görürük. Sabah (bu gün - red.) isə komandanın “Bakı” ilə mühüm matçı var. Proqnozunuzu bilmək olarmı?

- Əlbəttə, sponsor olmaqla yanaşı,  həm də “Qarabağ”ın azarkeşiyəm. Sabah təkcə himayədar şirkətin nümayəndəsi kimi yox, eyni zamanda bütün qəlbimlə komandama azarkeşlik edəcəyəm. Proqnoza gəlincə, inancımız olarsa, hansı sahədə olmağından asılı olmayaraq, istənilən işdə müvəfəqiyyət əldə etmək olar. Futbolda hər 3 nəticə qeydə alına bilər. Amma, qeyd etdyim kimi, qələbəmizə inanarsaq, 3 xalı da biz qazanarıq.

- Azarkeşlərə sözünüz varmı?

- İlk növbədə klub olmaq üçün camiə formalaşdırmaq lazımdır. Bunun üçün isə azarkeşlər çox fəal olmalı və komandanı aktiv şəkildə dəstəkləməlidir. Komanda fanatları ilə bütünləşməsə, klub olmaq müşkülə çevrilər. Mən də ürəyi Qarabağla döyünən hər kəsi “Qarabağ”la birləşməyə çağırıram.

 

Hazırladı: Saleh ARSLAN