QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ" MÖCÜZƏNİ GERÇƏKLƏŞDİRDİ (Futbol+ 31.05.2008)

Əksəriyyət ölkə çempionunun məhz bu oyundan sonra məlum olacağını gözləyirdi. Düzdü, "Qarabağ"ın ikinci dövrədə cəmi bir yenilgisinin olduğunu əsas gətirib, sürpriz gözləyənlər də vardı. Hətta tərəflərin "sülh"lə ayrılması belə "təyyarəçilər"in işinə yaradığı halda, ağdamlıların qələbə qazanmasına inamını itirməyənlər də az deyildi. Ancaq mövsüm ərzində cəmi bir məğlubiyyəti olan "Olimpik"ə belə faciəni yaşatmaq olardımı? Özü də həlledici məqamda. Yeri gəlmişkən, qeyd edək ki, meydan sahiblərinin mövsüm ərzindəki, qonaqların isə ikinci dövrədəki yeganə məğlubiyyətinin səbəbkarı "İnter" olmuşdu. Odu ki, belə həlledici məqamda çempionluğu təmin etməyə və beşinci pillədəki mövqeyini qorumağa çalışan komandaların qarşılaşmasının hansı sonluqla başa çatacağı maraqla gözlənilirdi.
Vacib oyun ərəfəsində hər iki komandanın heyətində itkilər vardı. Xüsusilə "Olimpik"in ciddi itkilərlə üzləşməsi Əsgər Abdullayevi qayğılandırmaya bilməzdi. Qeyd edək ki, əsas heyət üzvlərindən Elvin Əliyev sarı vərəqə limitini aşdığından, Ramim "Karvan"la görüşdə "qırmızı" aldığından, Junivan isə zədəli olduğundan belə həlledici məqamda qıraqda qalacaqdı. Bu itkilər nəticəsində meydana 3-6-1 taktikasıyla çıxan "təyyarəçilər"in müdafiə xəttindəki dəyişiklik diqqət çəkməyə bilməzdi. Belə ki, Abdullayev adətən sağ cinahda oynatdığı Usimi Elvinin yoxluğunda solda, Veliyanı isə qaradərili müdafiəçinin mövqeyində oynadırdı. Mərkəzdə isə həmişəki kimi Tərlan yer almışdı. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Aqillə Yaşar, həmçinin cinah yarımmüdafiəçiləri - Namiqlə Mandiç daha çox arxa xəttə yardımçı olmasıyla diqqət çəkirdi. Belədə Halimiylə Fərrux irəlidə tək oynamaq tapşırığı alan Samirə arxadan dəstək verməliydi.
"Qarabağ"da isə birdən-birə iki aparıcı müdafiəçi - Hüseyn İsgəndərovla Aftandil Hacıyev zədə üzündən komandasına yardımçı ola bilmədi. Türkiyəli mütəxəssis onların yoxluğunda 4-5-1 taktikasını seçmişdi.
Kəşfiyyat xarakterli ilk dəqiqələrdə qapılar qarşısında elə də ciddi təhlükə yaranmırdı. Əsasən orta sahəni ələ keçirmək uğrunda mübarizəyə girişən tərəflər uzaqdan zərbələrə üstünlük verirdi ki, bunlar da hədəfə düşmürdü. Ən real qol fürsətini 25-ci dəqiqədə qonaqlar qazansa da, Vaqif Ayxanın uzun ötürməsini düzgün dəyərləndirə bilmədi. Bundan 10 dəqiqə sonra meydan sahibləri daha real qol fürsətini əldən qaçırdı. Belə ki, Maksimin kobud səhvi nəticəsində topu ələ keçirən Haliminin cərimə meydançasına ideal asmasını Samir başla "çərçivə"yə göndərsə də, elə də qüvvətli alınmayan zərbə zamanı qapı dirəyi ağdamlıların köməyinə çatdı. Ardınca Aqil də künc nöqtəsindən göndərilən topu başla qapıya ünvanlasa da, bu dəfə Fərhad komandasını qoldan xilas etdi. İlk yarıda azarkeşlər başqa təhlükəli vəziyyətlərin şahidi olmadı və ehtiyatlı oynayan komandalar fasiləyə qolsuz heç-heçəylə yollandı.
İkinci yarıya meydan sahibləri daha fəal başladı ki, bu da anlaşılan idi. "Təyyarəçilər" heç olmasa bir qol vurub daha rahat oynamaq istəyirdi. Əvvəlcə Namiqin zərbəsində azca dəqiqlik çatışmadı. Ardından Fərruxa qarşı kobudluğa görə təyin olunan cərimə zərbəsini Tərlan məntiqi sonluğa çatdıra bilmədi. Artıq komandasının müdafiə olunmağa başladığını və hücumda heç nə edə bilmədiyini görən Kara 55-ci dəqiqədə İbokoyini Elşənlə əvəzlədi. 10 dəqiqə sonra baş məşqçi demək olar ki, komandası üçün heç bir faydalı iş görməyən Vaqifi də Raufla əvəzlədi. Nəticədə artıq iki hücumçuyla oynamağa başlayan ağdamlılar oyunda tarazlıq yaratmağa nail oldu. Buna qədər isə Mandiçin cərimə zərbəsindən fərqlənməsinə son anda Fərhad mane olmuşdu. Həmçinin Abdulayev də Fərruxu Qribanovla əvəzləmişdi. Dəyişikliklərə baxmayaraq komandalar yenidən daha çox orta sahədə üstünlüyə yiyələnmək uğrunda mübarizəyə girişdiyindən qapılar qarşısında ciddi təhlükə yaranmırdı. Təsadüfi hallarda rəqibə hücum imkanı yaradan ağdamlılar həmin epizodlarda da əks-hücum qurmaqla "təyyarəçilər"i cəzalandırmaq fikrinə düşsə də, bu alınmırdı. Ancaq hər kəs görüşün qolsuz heç-heçəylə başa çatacağını və "Olimpik"in çempionluğu bayram edəcəyini düşündüyü vaxt səhnəyə Zaur çıxdı. O, komandasının təşkil etdiyi əks-hücumlardan birində Namiqin kobud səhvi nəticəsində topu ələ keçirən Muradın ötürməsini gözəl zərbəylə tirin altına göndərdi. Belədə çempionluğu əldən vermək təhlükəsiylə üz-üzə qalan paytaxt komandası bütün heyətlə irəli atıldı. Abdullayev buraxılan qolda səhvi olan Namiqi Parxaçovla əvəzləməklə məğlubiyyətdən yaxa qurtarmağı düşünsə də, şoka düşən bakılılar heç nə edə bilmədi. Baxmayaraq ki, son dəqiqələrdə Samirin bir, Yaşarın isə iki dəfə fərqlənmək üçün əla şansı oldu. "Olimpik"in bütün cəhdlərinə rəğmən, minimal hesablı məğlubiyyətdən yaxa qurtarmaq mümkün olmadı. Beləcə "Qarabağ" "təyyarəçilər"ə mövsüm ərzindəki ikinci məğlubiyyətini yaşatmaqla yanaşı, həm də çempionluq şanslarını təhlükə altına atmış oldu. Çünki iki saat sonra meydana çıxan "İnter" "Qəbələ"ni yenəcəyi halda, qızıl medallar uzun müddət turnir cədvəlinə liderlik edən "təyyarəçilər"ə yox, "bankirlər"ə qismət olacaqdı. Məhz bu üzdən oyun başa çatan kimi paytaxt komandasının üzvlərinin yerə uzanaraq üzülməsini başa düşmək çətin deyildi. Onlardan bəzisi hətta göz yaşlarını da saxlaya bilmirdi. Əvəzində qələbənin sevincini yaşayan ağdamlılardan çox "Şəfa"da məskunlaşan və oyunun son dəqiqələrini meydanın kənarından izləyən "İnter"li futbolçuların necə şadyanalıq etdiyini də görməyə dəyərdi. 
Gözdən qaçmadı...
* Yığmanın baş məşqçisi Berti Foqtsun mövsümün həlledici oyununu izləməməsi az maraq doğurmadı. Əvəzində AFFA-nın çoxsaylı rəsmiləriylə yanaşı, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da arenaya təşrif buyurmuşdu. Komandasının oyunlarını təsadüfi hallarda canlı izləyən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də "Şəfa"ya gələnlər arasındaydı. Cari mövsümün ortalarında "Olimpik"in vitse-prezidenti postundan uzaqlaşdırılan Vaqif Qasımov da keçmiş komandasının oyununu izləməyə və çox güman ki, çempionluq sevincinə şərik olmağa gəlmişdi. Amma...
* Oyundan sonra ağdamlı azarkeşlərlə "Olimpik"in fanatları arasında dava düşdü. Stadionun kənarında baş verən insident asayiş keşikçilərinin səyindən sonra çətinliklə də olsa, yatırıldı.