QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: “Qarabağ”ın büdcəsi istənilən dünya səviyyəli ulduzu almağa imkan verir” (26.05.2009)

“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl Qol.Az-a müsahibə verib. 



- Kubokun finalından sonra özünüzü necə hiss edirsiniz?
- Əla. Çox sevincliyik. Çünki qarşımıza məqsəq qoymuşduq ki, kuboku qazanacağıq, bunu da bacardıq.
- “İnter”dən o cür zəif oyun gözləyirdiniz?
- “İnter” zəif oynamadı, sadəcə, “Qarabağ” çox güclü oynadı və layiq olduğu üçün kuboku qazandı.
- Qələbəni necə qeyd etdiniz?
- Hələ qeyd etməmişik. Bu gün axşam “Ay işığı”nda bir araya gələcəyik və orada qeyd edəcəyik. Həmişə olduğu kimi, media da diqqətdən kənarda qalmayacaq.
- Gəzən söz-söhbətə görə qələbə münasibəti ilə klub rəhbərliyi futbolçulara 500 min dollar mükafat ayırıb.
- Yox, bu düzgün informasiya deyil.Təbii “Qarabağ” rəhbərliyi həmişə futbolçularım əməyini qiymətləndirib və bu dəfə də belə olacaq. Konkret məbləğ açıqlamayacam. Bu, klubla futbolçular arasında olan şeydir. Amma yenə deyirəm, 500 min dollar söhbəti yalandır.
- Mövsümü “Qarabağ” üçün uğurlu sayırsınız?
- Əlbəttə.
- Amma çempionatı 5-ci pillədə başa vurdunuz ki, bu da hədəfləriniz sırasında yox idi.
- Mən çempionatımızdakı çıxışımızı da yaxşı qiymətləndirərdim. 4-cü pilləni tutmalı idik. Sadəcə, son turda Yevlaxda “Karvan”a qarşı çox zəif oynadığımızdan bu pilləni əldən verdik. Hami bilir ki, mövsümün əvvəlində çox vacib xallar itirdik ki, bu da çempionluq yolunda ciddi maneə oldu. Bunun da səbəbi məlumdur. Karanın məlum hərəkətindən sonra qısa zamanda Qurban Qurbanova komandanı bir yerə toparlamaq çətin idi. Buna görə, ikinci dövrədən etibarən bütün diqqətimizi kuboka yönəltdik. Yekun nəticə isə göstərdi ki, rəhbərlik Qurbanovu seçməkdə yalnış addım atmayıb.
- Komandada kimlərin qalıb, kimlərin gedəcəyi dəqiqləşib?
- Bütün bunlar baş məşqçinin səlahiyətində olan məsələdir. Qurban müəllim hələ bu məsələdə yekun qərarını verməyib.
- Artim Şakiri “Qarabağ”da qalacaq, ya yox? Hazırda klub azarkeşlərini bu məsələ az düşündürmür.
- Hələ bu məsələ də dəqiqləşməyib. Ümumiyyətlə, klub rəhbərliyi cari mövsüm Şakirinin klubdakı çıxışından razı qaldı. Amma bizim irəliyə hesablanmış planlarımız da var. Hər halda, yaxın günlərdə klub rəhbərliyinin iştirakı ilə iclas keçiriləcək və orada bütün məsələlərə aydınlıq gələcək. Şəxsən mən inanıram ki, Şakiri “Qarabağ”da qalacaq.
- Yayılan məlumatlara görə, guya Türkiyəyə yola düşən klubun fiziki hazırlıq üzrə koordinatoru Mehmet Ak “Qarabağ”a bir daha qayıtmayacaq.
- Mehmet Akın klubun uğurunda böyük payı var. Onun da komandada qalmasını çox istəyirik. Lakin bir məsələ var ki, Mehmet peşəkar məşqçidir və istədiyi yerdə işləyə bilər. Bu məsələyə də yuxarıda qeyd etdiyim iclasda aydınlıq gələcək. Hazırda rəhbərlik ölkə xaricində olduğundan iclas həftəsonu baş tutacaq.
- Avroliqada “Qarabağ”dan nə gözləyirsiniz? Hər halda razılaşın ki, hazırkı heyətlə Avropada ciddi uğur qazanmaq çətin məsələdir.
- Razıyam. Bunun üçün gərəkən addımlar atılacaq və heyət gücləndiriləcək. Amma oyunçu seçimi də baş məşqçinin səlahiyətində olan məsələdir.
- Ötən il Şakirinin transferi ilə gündəmə gəldiniz. Bu il buna bənzər “bomba partlayışı” gözlənilirmi? Yəni, klubun büdcəsində belə bir transfer nəzərdə tutulubmu?
- Bildiyiniz kimi, “Qarabağ”ın büdcə ilə bağlı heç vaxt sıxıntısı olmayıb və indi də yoxdur. Tam səmimi deyirəm, “Qarabağ” büdcəsi istənilən dünya səviyyəli ulduzu almağa imkan verir.