QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”dan etiraz: Matçın ikinci hissəsində hakimin “şou”su biabırçılıq həddinə çatdı (apasport.az)
“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl dünən “Xəzər Lənkəran”la kubok oyununda baş hakim Vüsal Əliyevin qərarları ilə bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə müraciət ünvanlayıb. Apasport.az saytının məlumatına görə, müraciətdə hələ oyunun əvvəlində Vüsal Əliyevin ilk yarıda “Qarabağ”ın futbolçularına göstərdiyi sarı vərəqələrlə “şou” düzəltdiyi bildirilib: “Oyunun ikinci hissəsində isə bu “şou” öz zirvə nöqtəsinə - biabırçılıq həddinə çatdı. Vüsal Əliyev oyunun 57-ci dəqiqədə Georgi Adamiyanın qapıçı ilə təkbətək çıxdığı epizodu yan hakimin köməkliyi ilə oyundan kənar vəziyyət kimi dəyərləndirərək birbaşa oyunun nəticəsinə təsir edən qərar çıxardı. Halbuki epizoda yaxın olan baş hakim bu vəziyyətdə yan hakimin səhvini düzəldəcək qərar da verə bilərdi. Yan kameradan çəkiliş açıq-aşkar futbolçumuzun oyundan kənar vəziyyətdə olmadığını göstərir. 65-ci dəqiqədə Vüsal Əliyev yan xəttin yaxınlığında sadə bir oyun epizodunda baş vermiş qayda pozuntusunu ikinci sarı vərəqə kimi dəyərləndirərək, müdafiəçimiz Elnur Allahverdiyevi meydandan qovdu. Halbuki bu epizodda bir sarı vərəqəsi olan futbolçuya şifahi xəbərdarlıq da edilə bilərdi. Əlbəttə ki, qərəzsiz hakimlik oyunda hakim olsaydı...”

“Qarabağ” 87-ci dəqiqədə meydanın mərkəzinə yaxın mövqedə adi bir oyun epizodunda rəqib futbolçuya qarşı kobudluq edən yarımmüdafiəçi Rəşad Sadiqova birbaşa qırmızı vərəqə göstərilməsini də pisləyib: “Halbuki bu epizod tərəfli-tərəfsiz hər kəs tərəfindən maksimum sarı vərəqə kimi qiymətləndirildi. Buna rəğmən, hakim birtərəfli idarəçilik etdi. Sarı vərəqəsi olan Kristian Kabralın yerə uzanaraq yalandan vaxtı uzatmağı qarşılığında hakimin 2-ci sarı vərəqəni göstərməyə cəsarət etməməsi oyun ərzində “ikilili standard”lardan yararlandığını əyani şəkildə büruzə verdi. Rəqibin vaxtı sonsuz sayda uzatma cəhdlərinə baxmayaraq, hakimin əlini “cibinə salmaması” hakim haqqında oyunun nəticəsinə təsir etməklə yanaşı, birtərəfli mövqeyini ortaya qoydu.

Və ən nəhayət, qeyd etdiyimiz rəqib futbolçu Kabralın epizodu ilə yanaşı, oyun ərzində sonsuz sayda oyunun dayandırılmasına baxmayaraq, görüşün sonuna cəmi 4 dəqiqə əlavə olunması da hakim Vüsal Əliyevin bu oyunda “Qarabağ”ın növbəti mərhələyə adlamamasına hesablanmış addım idi. Yuxarıda qeyd etdiyimiz və matç boyu digər sonsuz sayda hakim səhvlərini təhlil edərək ədalətli qərar çıxarılmasına, bununla da Azərbaycan futbolunun gələcək inkişafına töhfə verməyinizi xahiş edirik”.