QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: “Quzanlı stadionu “Qarabağ” üçün bir qaladır” (lent.az)

Fevralın 15-də “Qarabağ” rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə klubun vitse-prezidenti Tahir Gözəl komandanın çempionata iddialı şəkildə davam etmək istədiyini, bu məqsədlə transferlərin edildiyini bildirib.

Onun fikrincə, “Qarabağ”ın iddialı çıxışı gənc futbolçulara ilham qaynağı olacaq: “Biz uğurlu, qeyrətli, qoçaq futbol oynayan komanda görmək, Avropa kuboklarındakı uğuru davam etdirmək istəyirik. İddiamız böyükdür. Transferlərimizlə, kollektiv daxilindəki stabilliklə “Qarabağ”ın uğurlar qazanacağına inanırıq”.

Lakin “Qarabağ” rəsmisi hələ istədikləri baza və infrastrukturu yarada bilmədiyini söyləyib. O, Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionu icarəyə götürmək niyyətilə AFFA və stadionun məxsus olduğu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə şifahi razılıq əldə etdiklərini bildirib. Klub rəsmisi yazılı razılıq sənədi əldə etdikdən sonra arenada işlərə başlayacaqlarını açıqlayıb.

Ağdamın Quzanlı qəsəbəsindəki Olimpiya Kompleksinin stadionunda bu mövsüm ən azı 2 oyun keçirmək istədiklərini deyən Gözəl bildirib ki, digər klublardan da buna razılıq vermələrini xahiş edəcəklər: “Quzanlı stadionu “Qarabağ” üçün bir qaladır. Məncə, digər komandalar da anlayış göstərməlidir. AFFA ilə də razılıq əldə etməyə çalışacağıq ki, gələn mövsüm də oyunlarımızın müəyyən qismini orada keçirək”.

Vitse-prezident ötən mövsüm ərzində ev oyunlarını keçirdikləri Quzanlı Olimpiya Kompleksinin stadionundan Ağdam rayon icra hakimiyyəti ilə anlaşa bilmədikləri üçün imtina etmələrinin doğru olmadığını bildirib. “Qarabağ” rəsmisi heç kiminlə problemlərinin olmadığını deyərək, Quzanlıya bu mövsüm gedə bilməmələrini texniki məsələlərlə əlaqələndirib: “Bizim heç kiminlə şəxsi problemimiz yoxdur”.

Gözəl Rəşad Sadıqovun “Qarabağ”a qaytarılmasında medianın rolunu vurğulayıb. O, komanda ilə Türkiyədə keçirdiyi təlim-məşq toplantısı vaxtı görüşündə jurnalistlərdən birinin “Qarabağ”ın hədəfi nədir?” sualından sonra hərəkətə gəldiyini açıqlayıb.