QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Adamiyadan unikal göstərici (apasport.az)

“Qarabağ” klubunun gürcüstanlı futbolçusu Georgi Adamiya Premyer Liqada “Kəpəz”lə oyunlarda unikal göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu güclülər dəstəsinə qayıdandan sonra Gəncə təmsilçisi ilə görüşlərdə meydanı qolsuz tərk etmir.

Belə ki, Adamiya ardıcıl 4-cü oyundur gəncəlilərin qapısına yol tapır və onların hamısı ağdamlıların qələbəsi ilə nəticələnib.

Georgi ötən mövsüm “Gəncə” adlanan, Fuad İsmayılovun çalışdırdığı komandanı Bakıda və Gəncədə məyus etdi. O, hər 2 halda bosniyalı qapıçı Edis Kurtanoviçi cəzalandırmışdı. Adamiya cari mövsümdə “Kəpəz” adını qaytaran komandaya qol vurmaq bacarığını göstərib.

Hücumçu ilk dövrədə rusiyalı qapıçı Konstantin Kolesnikovu, dünən isə gənc Tural Abbaszadəni topu tordan çıxartmağa məcbur edib. Fərq ondadır ki, gürcü bu dəfə ev oyununda - Ağdamda fərqlənib.

“Qarabağ” gəncəlilərlə son 2 mövsümdə II dövrədəki oyunlarda məhz Adamiyanın vurduğu yeganə qolla minimal hesablı qələbə qazanıb. Özü də məhz bu nəticələr ağdamlılar “altılığ”a düşməyini həll edərək, vəsiqəni rəsmiləşdirib.

Ümumiyyətlə, Adamiya üçün Gəncə uğurlu məkan sayılır. Belə ki, o, karyerasında ilk Azərbaycan çempionluğunu məhz Nizami yurdunda qazanıb. Bu, 2005-ci ilin iyunun 10-da “Neftçi”nin heyətində “Xəzər Lənkəran”la Gəncə şəhər stadionundakı “qızıl oyun”da 2:1 hesablı qələbə ilə reallaşıb.

Qeyd edək ki, Adamiya 2005-ci ilin qışından fasiləsiz çıxış etdiyi milli çempionatımızda vurduğu qolların 58-ə çatdırıb. O, ölkəmizdə çıxış edən legionerlərin bombardirlər yarışında vahid lider olan həmyerlisi, xeyli vaxtdır futbolçu karyerasını bitirən Badri Kvaratsxeliyadan 13 top geri qalır.

2010/11 mövsümü
II turdan təxirə salınan oyun
22 sentyabr
“Qarabağ” – “Gəncə” – 3:0
Georgi Adamiya, 78 (3:0)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

XXI tur
20 fevral
“Gəncə” – Qarabağ” – 0:1
Georgi Adamiya, 72
Gəncə. Şəhər stadionu

2011/12 mövsümü
III tur
“Kəpəz” – “Qarabağ” – 1:2
Georgi Adamiya, 8 (0:1)
Gəncə. Şəhər stadionu

XXI tur
20 fevral
“Qarabağ” – “Kəpəz” – 1:0
Georgi Adamiya, 27
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu