QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Emin Süel:`Qarabağ`da onu gördüm ki..`
Xəbər verdiyimiz kimi,  ‘Qarabağ‘ımızın təlim-məşq toplanışının ilk günündə  futbolçular test vermişdilər. Qardaş ölkədən olan 6 nəfərlik qrup futbolçulardan laktat testi götürmüşdü. Aksaray Universitetindən gəlmiş qrupa  (İbrahim Şahin, Rıfat Demir, Hüseyn Özkampçı, Haluk Süel, Saim Keskin) həmin ali təhsil ocağının idman bölümünə rəhbərlik edən Emin Süel başçılıq edirdi. Emin bəylə söhbətə daha geniş mövzulardan başladıq:
- Artıq 16 ildir bu sahənin içindəyəm. Özüm ixtisas etibariylə  futbolçu olmasam da, etiraf etmək lazımdır ki, bugün idman dedikdə, futbolla daha çox səsləşir. Getdikcə, hər şey dəyişir.  Eyniylə bu baxımdan da dəyişikliklər göz qabağındadır. 10 il bundan öncə futbolçuya tətbiq edilənlərin bugün doğru olmadığı aydınlaşır. Futbolun tərəqqi xəttini və bu oyunda böyük pulların dolandığını nəzərə alsaq inkişaf burda özünü daha fərqli göstərir.
- Futbolun bir elmə çevrilməsinin müsbət tərəflərini qeyd edirsiz.
- Təbii ki, bunu artıq hamı qəbul edir. Amma elmləşmə böyük maliyyə tələb edir. Demək olar ki, artıq futbol nəhəngləri bundan qaçmır. Amma qeyd etdiyim kimi, zamanın nəbzini tutmaq lazımdır. Daim bütün yeniliklərə açıq olmaq lazımdır.
- Laktat testi böyük səs yaratsa da, ona yanaşma birmənalı deyil.
- Bu özünüz də qeyd etdiyiniz kimi yanaşma ilə bağlıdır.  Sadə vətəndaşlar və ya futbolçular üçün  aerobik və ya aneorobik terminlər o qədər də maraqlı deyil. Onları daha çox görüntü maraqlandırır. Hər şey kimi Laktat sistemi də təkmilləşir və hər gün yeni meyarlar öyrənilir.  Amma 20 il bundan öncə  belə analizlərin əldə edilməsi yuxu kimi görsənirdi. Gördüyünüz kimi, biz peşəkar heyətlə çalışırıq. Qrupumuzdakıların  hamısı elm adamlarıdır. Və öz işlərini ən yaxşı şəkildə yerinə yetirməyə çalışırlar
- Hansı klublarda bu sistemi sınaqdan keçirmisiz?
- Bu saəhədə ‘Beşiktaş‘dakı təcrübələrimiz daha faydalı oldu. Fərqli qurumlara elmi araşdırmalarımız daim olur.
- Gələk ‘Qarabağ‘a. Testdəki nəticələr sizi razı saldımı?
- Buna bir neçə aspektdən baxmaq olar. Komanda futbolçuları axırıncı dəfə Dekabrın 20-sində meydana çıxıblar. Hardasa 20 gün özü də bayramdan sonra, təbii ki, fərq öz sözünü deyəcək.  Amma ümumi götürdükdə qənaət bəxş saymaq olar.
- Türkiyədəki göstəricilərdən çoxmu fərq var?
- Müəyyən fərq var. Amma dediyim kimi, burda daha çox yaranmış fasilənin rolu  var.
- Kimlərin göstəricilərini məqbul saymaq olar?
- Bir neçə futbolçunun adı çəkə bilərəm: Ansi Aqolli, Vaqif Cavadov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev...
- Adlarını çəkdiyiniz futbolçular gənclərdi..
- Təbii ki, gənclik  öz sözünü deyəcək. Çempionatınızda 21 yaşlı futbolçunun oynatma qaydası yaxşı amildir. Gələcəkdə mütləq bunun faydasını görəcəksiniz.
- Bu testlərdən sonrakı mərhələ maraq doğurur
- 10  gün sonra yenidən daha bir test götürəcəyik. Amma bu heç də futbolçuların  fiziki göstəricilərini ölçmək deyil, qida rasyonunun təsiri və məşq sonrakı yenilənmə proseduru ilə əlaqədar olacaq.
- ‘Qarabağ‘ Futbol Klubu sizdə hansı təəssürat yaratdı.
- Öncə onu qeyd edim ki, hazırki məqamda Universitetlərdə işin ən gərgin məqamlarıdır. Tələbələrin imtahanları, yeni il proqramlarının tətbiqinə baxmayaraq ‘Qarabağ‘ FK-nın bu xahişini sevə-sevə qəbl etdik. Siz  göstəricilərdən danışırsız. Amam bizim diqqətimizi ən çox cəlb edən bu komandada olan mehribançılıq və kollektivçilik oldu. Çox  komandalar görmüşük. Amma burda həqiqətən ortam tam fərqlidir. Burda rəhbərliyin düzgün kadr sistemi və əla kollektiv qurmasınln böyük rolu olub. Əslim əslən Azərbaycandandır. 300-400 il bundan öncə ulu babam Qubadan Niğdeyə köç edib. İndi ulu vətənimdən bir komandayla tanış olmaq çox xoşdur. Azərbaycanı görməsəm də, artıq `Qarabağ` FK timsalında tarixi köklərimə daha da isindim (gülür).