QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Zaur Ramazanov: Mənim favoritim Qarabağdı (azerisport)
Xəzər Lənkəran”ın sabiq hücumçusu Zaur Ramazanovun azerisport.az saytına müsahibəsi
 
- Premyer Liqanın ilkin mərhələsi başa çatmaq üzrədi. İlk altılığa son vəsiqə uğrunda isə üç klub – “Bakı”, “Xəzər Lənkəran” və AZAL mübarizə aparır. Sizcə, hansı daha şanslıdı?
- Mən çox istərdim ki, son vəsiqə “Xəzər Lənkəran”a qismət olsun. Bu, mənim keçmiş komandamdı. Amma etiraf etmək lazımdı ki, hazırda “Bakı” daha şanslıdı. Onlar indi öndədilər. İlk altılığa vəsiqəni rəsmiləşdirmək üçün isə sadəcə “Rəvan” üzərində qələbə qazanmaq lazımdı. “Xəzər Lənkəran” da “Sumqayıt”la oynayacaq. Mən “Bakı”nı heç də ona görə şanslı hesab etmirəm ki, “Rəvan” “Sumqayıt”dan zəif və ya güclüdü. Sadəcə, belə vəziyyətlərdə adətən daha şanslı görünən komandalar psixoloji cəhətdən üstünlüyə malik olurlar.
 
- Amma AZAL haqda heç nə demədiniz...
- AZAL mövsümə çox yaxşı başlamışdı. Amma uğurlarının davamını gətirə bilmədi. Çempionatda da sabit oyun çox vacibdi. AZAL da bunu göstərə bilmədi. Lakin həqiqətən də şansları var. Düzdü, hər şey öz əllərində deyil. “Təyyarəçilər” üçün pis olan da budu. Özü də son turda bu komandanı AZAL ilə qarşılaşma gözləyir.
 
- Həlledici turun bu oyunlarında hansısa stimullaşdırma da istisna deyil...
- Mən buna tamamilə normal yanaşıram. Məsələn, deyirlər ki, “Turan”ı “Xəzər Lənkəran”la oyunda stimullaşdırmışdılar. Bunda pis heç nə yoxdu. Hər bir futbolçuya pul qazanmaq lazımdı. Onlar oyun satmırlar ki. Əksinə, daha maraqlı mübarizə aparırlar.
 
- Sizcə, “Qəbələ” niyə ilk altılığa vəsiqəni daha tez təmin edə bilmədi? Eyni sözlər elə “Xəzər Lənkəran”la “Bakı”ya da aiddi...
- “Qəbələ”də Mendi, Dodo, Kamanan kimi futbolçular çıxış edirlər. Onlar bir-birini çox yaxşı başa düşürlər. Komandaya vaxt verildi, onlar da bu etimadı doğrultdular. Hər halda gec də olsa, əsas odu ki, ilkin tapşırığın öhdəsindən gəldilər. “Xəzər Lənkəran”la “Bakı”nın əsas problemi isə qeyri-sabitlik oldu. Xüsusilə də “Bakı”da. Onlar bir oyunda normal futbol sərgilədisə, növbəti iki görüşdə mütləq xal itirdilər.
 
- Sizcə, çempionluğa əsas namizəd hansı komandadı?
- Fikrimcə, qızıl medallar uğrunda mübarizə “İnter”, “Neftçi” və “Qarabağ” arasında gedəcək. Bu komandalar digərlərindən daha yaxşı təsir bağışlayırlar. Mənim favoritim isə “Qarabağ”dı. Qurban Qurbanov əla komanda yaradıb. Yanvardakı toplanışdan sonra ağdamlılar daha yaxşı təsir bağışlayırlar. Digər komandaların isə çempionluq uğrunda mübarizə aparacaq gücdə olmadığını düşünürəm.
 
- Bombardirlər siyahısında azərbaycanlı hücumçuların olmaması sizi narahat etmir?
- Azəraycanda güclü və sabit hücumçular yoxdu. Bu problem yığmada da özünü göstərir. Çempionatımızın bombardiri indi Nikolas Kanalesdi. Amma mən hələ onun hansısa qolunu çətinlik çəkərək vurduğunu görməmişəm. Onun bütün qollarını komanda yaradır.