QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Toğrul Bilallı:`Bəlkə onun kimi sakitəm`
`Qarabağ`ımız sonuncu turda `İnter`lə bərabərliyə razılaşaraq təsnifat mərhələsini 3-cü sırada bitirdi. Önəmli qarşılaşmaya komandamız ciddi itkilərlə çıxmışdı. Ansi Aqolli cəza, Riçard Almeyda, Branimir Subaşiç, Kristian Torres zədə, Emeka Opara isə hazır olmadığına görə `bankir`lərlə oyunda meydana çıxa bilmədi. Belə də çoxlarının gözləmədiyi halda komandamızın baş məşqçisi Qurban Qurbanovun komandamızın öz yetirməsi olan Toğrul Bilallıya `İnter` (!) kimi rəqiblə oyunda start heyətində meydana buraxdı. `Qarabağ`ın 20 yaşlı İnyestası 45 dəqiqə meydanda qalsa da, xüsusilə hissənin sonlarına yaxın həyəcanını atdığı görsənirdi. Toğrul saytımıza təəssüratlarını bölüşüb:`Deməzdim ki, xüsusi bir həyəcanım vardı. Təbii ki, `İnter`lə oyun olduğuna görə bir qədər fərqlilik vardı. Turnir cədvəli baxımından oyun vacib idi. Görüşdən qabaq Qurban müəllim nə dedi? Bildirdi ki, rahat ol, təlim-məşq toplanışında oyunlara neçə çıxırdınsa eyni tərzdə meydana çıx. Dedi ki, mümkün qədər Vüqar və Əfranın sürətindən istifadə et. Onları topla təmin etməyimi istədi. İlk hissədən sonra Qurban müəllim mənə təşəkkür etdi. Oyunuma qiymət verməyim düzgün olmaz. İlk hədəfim daha çox oynamaq şansı qazanmaqdır. Meydanın mərkəzində, hücumçuların arxasında oynamaq mənə daha xoşdur. Avropada bu mövqedə oynayanlardan Xavi, İnyestadan xoşum gəlir. Yox, komanda yoldaşlarım ona görə məni `İnyesta` çağırmırlar (gülür). Bəlkə də onun kimi sakitəm və onun kimi qol vurmaqdan daha çox ötürmə verməkdən xoşum gəlir. Azərbaycanda isə Rəşad Sadiqov `Qarabağ`da oynayarkən mənə nümunə olub. Futbolumuzda pleymeyker probleminin olub-olmadığını deyə bilmərəm. Özümü xilaskar saymıram. Mənim futbol istəyim, daha sadə futboldur: daha çox ötürmə və komanda naminə oynanılan futbol...`