QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"dan böyük sevgim yoxdur"
Müşviq Hüseynov futbolçu həyatıyla vidalaşdı
O, Azərbaycan futbolunun ən güclü hücümçularından biri hesab olunur. Söhbət karyerasının böyük hissəsini Ağdam klubuna həsr edən, komandada 100-dən çox qola imza atan, Azərbaycan klublarının tarixində ilk dəfə avrokuboklarda mərhələ keçməyimizə səbəb olan Müşviq Hüseynovdan gedir. Forvard uzun illərdən sonra karyerasını bitirmək qərarına gəlib. Müşviq üçün "Qarabağ" nə deməkdir? Bunu özündən eşitsək yaxşıdır.
   
   - Müşviq, futbola ilk gəldiyin günləri xatırlayırsan?
   - Futbola gəlməyimin əsas səbəbi qardaşım Yaşar olub. Yadımdan hec vaxt çıxmaz. Yaşar məşqə gedəndə mən də onun arxasınca gedib məşqlərə baxırdım. O zaman mənim 5-6 yaşım olardı. Beləcə yavaş-yavaş futbola həvəsim yarandı. Artıq 7 yaşımdan məşqlərə başladım.
   - Yəqin, ilk məşqçini xatırlayarsan?
   - İlk məşqçim milli qəhrəman, rəhmətlik Allahverdi Bağırov olub.
   - Bağırov haqqında ancaq xoş sözlər eşitmişəm. Hər halda Müşviqin səviyyəli futbolçu kimi formalaşmasında onun böyük rolu olub?
   - Əlbəttə! Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də o, futbolçulara gözəl bir örnək idi.
   - Futbolçu olmağı nə zaman qərara aldın?
   - Demək olar ki, ayağıma ilk top dəyən andan. Dəqiq yadımdadır. Bir dəfə Məhərrəmgil ("Qarabağ"ın hazırki, inzibatçısı- red) futbol oynayırdı. Onların 15-16 yaşı vardı. Mən isə 10 yaşında özümdən böyüklərlə oyunda 1 qola da imza atdım. Həmin görüşdə oynamağıma da Allahverdi müəllim səbəb oldu. Dedi ki, sənə inanıram, çıx oyna. O gün anladım ki, futbol həyatımın ayrılmaz hissəsidir.
   - Onda da hüçumçu idin?
   - Yox. Əvvəllər meydanın mərkəzində oynayırdım.
   - Amma hüçumcu kimi məşhurlaşdın.
   - Hə. İrəliyə daha çox can atırdım. Bir də ayıldım ki, artıq hüçumcuyam.
   - Maraqlıdır ki, qardaşın da eyni mövqedə oynayırdı...
   - Deməzdim ki, bir-birimizə mane olurduq. Əksinə, uzun müddət bir yerdə oynamağımız bizə çox şey verib. Deyərdim ki, Yaşar kimi meydanda məni başa düşən ikinci futbolçu yoxdur. Mənim qollarım əksəriyyətində qardaşımın böyük rolu var. Eyni zamanda Yaşarın da fərqlənməsində az əməyim olmayıb (gülür).
   - "Qarabağ"ın heyətində ilk oyuna çıxmağın yadına gəlir?
   - Dəqiq yadımdadır, 14 yaşımda. Dekabr ayı idi. Hansısa Bakı klubu ilə oynayırdıq. 15 dəqiqə meydanda oldum. Özü də sağ cinah yarımmüdafiəçisi kimi oynamışam. İkinci dövrədə isə demək olar ki, bütün oyunlarda çıxış etmişəm.
   - Futbolda idealın kim olub?
   - Azərbaycan futbolunda İsgəndər Cavadov, Maşallah Əhmədov kimi ustalar olub. Onların oyunu bəyəndiyimi deyə bilərəm.
   - Hər halda futbol başladığın anlarda bənzəmək istədiyin futbolçu olmuş olar.
   - Əlbəttə, İsgəndər Cavadovu unutmaq mümkün deyil. Onun fintlərinə həsədlə baxırdım. İsgəndər bəyi fərqləndirərdim. Onunla oynamaq hər kəsin arzusudur.
   - Karyeranın ilk illəri "Qarabağ"ın ağır durumuyla üst-üstə düşüb. Həmin günləri necə xatırlayırsan?
   - O dövr gözümün qabağında lent kimi canlanır. Hər an ölüm təhlükəsi, döyüş vəziyyətləri. Dəfələrlə oynadığımız anda stadionun ətrafına mərmilər düşüb. Bir dəfə futbolda mərmilər düşdü. Hamı paltardəyişmə otağından sığınacaq kimi istifadə etdi. Həmin vaxtları unutmaq mümkün deyil. Bizdə döyüşmək istəkdə qoymurdular. Deyirdilər ki, siz həftədə bir dəfə gutbol oynamağınız burada ki, insanlara əlavə dəstək verir. İnan ki, hər yerdə bu sözləri eşidirdik. Bu isə bizi 2qat güclə oynamağa məcbur edirdi.
   - Nə zamansa futbolçu olmağına peşman olmusan?
   - Bir neçə dəfə olub. Amma bu hər kəsin başına gələ bilər. Amma, ümumilikdə narazılığım yoxdur.
   - Səni Ağdam futbolunun gəlmiş-keçmiş ən güclü futbolçusu hesab edirlər. Bu ad sənə nə deyir?
   - Mən futbolçuyam, deməzdim ki, hamıdan yaxşıyam. Mümkün qədər əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Ağdamda məndən də güclü futbolçular olub.
   - Amma sən təvazökarlıq etsən də futbol ictimaiyyəti birmənalı olaraq bunu belə qəbul edir.
   - Yəqin, "Qarabağ"ın uğurlarında az-çox payımın olmasına görə belə deyirlər. Amma yenə də deyirəm. Sadəcə, boynuma düşən yükü yerinə yetirmək istəmişəm.
   - Maraqlıdır ki, çox gənc yaşlarında "Qarabağ"ın kapitanı seçilmisən. Özüdə səndən bir neçə yaş böyük qardaşının olmasına rəğmən...
   - Tək mənim qərarım olmadı. Komanda özü məsləhətləşmələrdən sonra buna qərar verdi.
   - Bir kapitan daim oyundaşlarına nəzarət etməlidi. Şərq mentalitetinə görə, adətən kiçiklər böyük qardaşın yanında...
   - Başa düşdüm nə demək istəyirsən. Amma, meydanda futbolçu bir-birilə qardaş deyil, komanda yoldaşlarıdır. Amma, deməzdim ki, kapitanlığımı qardaşıma qarşı istifadə etmişəm (gülür).
   - Gələk, unudulmaz "Makkabi" ilə görüşə...
   - Karyeramda "Makkabi" matçının özünəməxsus yeri var. İlk dəfə mərhələ, səfərdə xal... Bu qələbə nəinki, "Qarabağ"ın bütün Azərbaycanın idi. Sevinirəm ki, bu qələbədə payım olub. İnsanlar hələ də o qələbəni unuda bilməyibsə bununla sadəcə fəxr edə bilərəm.
   - Karyeranın ən unudulmaz oyunu?
   - (Fikirləşir). Belə oyunlar çox olsa da, 14 yaşımda meydana çıxmağımı 50 il keçsə də, unuda bilmərəm. Həmin stressi indi də hiss edirəm.
   - Hər halda ən yadda qalan qolunun da xatırlayarsan..
   - Azərbaycan kubokunun finalında vurduğum ilk qolu heç vaxt unutmaram. Sabirabad klubuna vurduğum qol bizə kubok qazandırdı.
   - Bilirəm ki, uzun müddətdi ibadətlə məşğulsan. Bu sənin futbol təfəkkürünə təsir edib?
   - Əlbəttə. İnan ki, əvvəllər qiblə nə olduğunu bilmirdim. Amma ziyarətə getdikdən dünyagörüşüm təmamilə dəyişdi. Artıq 12 ildir ki, namaz qılıram və ibadət etməyim mənim pis vərdişlərdən qoruyur.
   - "Qarabağ"dan başqa klubda oynamaq istərdin?
   - "Qarabağ"ın alternativi elə "Qarabağ"dır...
   - O zaman "Qarabağ" sənin üçün nə deməkdir?
   - O bölgədə, boya-başa çatıb müharibənin hər bir üzüylə qarşılaşmışam. Bunun anlamaq üçün mənimlə o günlərlə qayıtmaq lazımdı. Həyatımda "Qarabağ"dan böyük sevgi olmadığını desəm, yəqin məni başa düşmüş olarsınız.
   - Ötən mövüsüm "Qarabağ"ın kuboku qazanmasında böyük rol oynadın. Bir daha sübut etdin ki, futbol yaşa baxmır. Buna necə nail olmusan?
   - Məndən də yaşlı futbolçular hazırda meydanda mübarizə aparırlar. Ona görə də yaş amili məsələsi ilə razılaşmıram. Elə, götürək, Hakan Şükürü, Tərlan Əhmədovu, Vidadi Əhmədovu, Tuqayı.. Bu hər şeydən öncə futbolu necə sevməyindən və özünə "baxmağından" asılıdır.
   - Və futbolla vidalaşırsan...
   - Düzdür, ağırdır. Amma heç nə əbədi deyil. Bilirdim ki, əvvəl-axır getməliyəm. Şükür Allaha ki, xatirələrdə yaxşı iz buraxaraq ayrılıram.
   - Müşviq, artıq məşqçilik karyerana başlayırsan. Özünü yeni peşəyə hazır sayırsan?
   - Məşqçiliyin ilk günləri futboldakı eyni zamanlarıma bənzəyir. Çox çətin və əsəb tələb edir. İnşaalah, zamanla, bu sahədə, sözümüzü deməyə çalışarıq. Amma, buradakı, əziyyət daha fərqlidir. Ona görədə ilk növbədə daha çox işləyib, öyrənmək lazımdır.
   - Müşviq Hüseynovun Avropada çalışacaq ilk nümayəndəmiz olacağına inanaq?
   - Onu zaman göstərər. Əlbəttə, hər bir işdə ən yaxşısını arzulamaq lazımdır. Nə deyim, Allah ağzından eşitsin(gülür). Buna nail olsam, həqiqətən də məmnun olaram.