QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
TAHİR GÖZƏL: “TƏMIZ FUTBOL ISTƏYIRƏMSƏ, ÖZÜM TƏMIZ OLMALIYAM"

 - Bir neçə gün əvvəl Ağdama getdiz. Orda nələrlə qarşılaşdız, nə müşahidə etdiz?

 

- Komandayla Ağdama səfər etməyi bir neçə dəfə planlaşdırsaq da, müəyyən səbəblərdən baş tutmamışdı. "Qarabağ"ın cəbhə bölgəsini ziyarət etməsi, ordakı ab-havanı görməsinin başqa bir təsiri var. Axır ki, bu səfərə yollana bildik. Çox yaxşı qarşılandıq. Həsən müəllim (Ağdamın icra başçısı H.Sarıyev nəzərdə tutulur) böyük təşkilatçılıq işləri görmüşdü və buna görə ona təşəkkürümü bildirirəm. Orda çoxlu dəyişikliklər gördük. Onlardan ilk diqqəti cəlb edəni yolların qırağındakı çadır şəhərciklərinin ləğv edilməsi idi. Bölgədə köçkün ailələrin normal yaşaması üçün böyük investisiyaların qoyulduğunun şahidi olduq. Daha bir nüans Ağdamda inşa olunan yeni stadionun tikintisidi. Əlbəttə, biz bu gün bütün oyunlarımızı Bakıda - Suraxanıda oynayırıq və mümkün qədər qarabağlıların matçda iştirakına şərait yaradırıq. Amma "Qarabağ"ın Qarabağda futbol oynaması, meydandakı ab-havanın o insanlara sirayət etməsi tam başqa bir hissdi. İkinci dövrədə meydançanın federasiya tərəfindən qəbul olunacağı təqdirdə əsas oyunlarımızı da orda keçirməyi planlaşdırırıq. Ordakı azarkeşlərin ruhu bizə lazımdı. Bunun komandamız üçün başqa bir mənəvi dəstəyi var.

 

- Cəbhə xəttinə də getdiz...

 

- Bəli, ordakı şəraiti yaxından incələmək imkanımız da oldu. Əlbəttə, vəziyyətin belə olması arzuolunmaz bir haldı. Bir milyon insanın yerindən-yurdundan edilməsi çox üzücü, təəssüfləndirici haldı. Tarix boyu minlərlə insanın qətlə yetirilməsini kitablardan oxumuş, eşitmişik. Bu müharibələr qərbdən şərqə, şimaldan cənuba bütün ərazilərdə olub və dünyanın hər bir bölgəsi bunlardan əziyyət çəkib. Elmin, texnikanın belə tərəqqi etdiyi dövrdə hələ də din adına, millət adına müharibənin olmasına, insanların tarixdən dərs almamasına ad vermək çətindi. Niyə barış içərisində yaşaya bilmirik? Özümüzə niyə qürurla "insanıq" deyə bilmirik? Bu sual ətrafında hər birimiz dərindən fikirləşməliyik. Bütün bunlar bir-birimizlə münasibətlərimizdən qaynaqlanır. Yaxınlarımız, ən əsası özümüzlə, öz içərimizlə münasibətlər bütün bu münaqişələrin yaranmasında rol oynayır.

 

- Reallıq ondan ibarətdi ki, müharibələr davam edir və siz həmin hisslərin yaşandığı məkanda olduz. Ora ayaq basdığınızda yaşadığınız ilk hisslərinizi bölüşməyinizi xahiş edirik...

 

- Doğrudan da, ilk olaraq o səngərə ayaq basanda o cəsur və məsum əsgərlərin gözlərinə baxanda heç bir ananın ürəyi ağrımasın, gözləri yaşla dolmasın fikri ağlıma gəldi. Öncə dediyim o məqsədlər xatirinə milyonlarla ananın gözləri yaşlı, çıraqları sönülü qalıb. Bu kimə lazımdı? Onların necə məsuliyyətlə qarşı tərəfi diqqətdə saxlamaları, bir səhvin belə həyat bahasına başa gələcəyini düşündükdə müharibənin nə olduğunu anlamaq olur. Komandanın oraya getməsi həm də bütün bu hisslərin yaşanması üçün vacib idi.

 

- Məhz komandayla cəbhə bölgəsinə səfər etmək ideyası hardan yarandı?

 

- Klubun yarandığı gündən onun şirinli-acılı günlərini birgə yaşamış, "Qarabağ"ın kuboku almasında, onun uğurlu çıxışında müstəsna rolu olmuş, komandamıza mənəvi ağsaqqallıq etmiş Ramiz Şahməmmədov bu gün aramızda deyil. Doğulub boya-başa çatdığı rayonda həmişə anılması, yada salınması məqsədiylə orda inşa etdiyimiz futbol sahəsinə məhz onun adıı vermək qərarına gəldik. Onun ağdamlıların ürəyinə yazılması, çəkdiyi əziyyətlərin qarşılığında həmişə anılmasını istədik. Bundan əlavə, məhz "Qarabağ"ın Qarabağ səfəri istər yerli, istərsə də əcnəbi futbolçuların təmsil etdikləri yeri daha yaxşı anlamaları, onların hansı yükü daşıdıqlarını əyani görmələri məqsədi daşıyırdı.

 

- Ağdamda həm də standartlara cavab verən stadion inşa olunur. Məhz bu bölgədə futbol sahəsinin olması Bakıdakı planlara nə dərəcədə təsir göstərəcək?

 

- Layihələrin bir-birinə heç bir təsiri olmayacaq. Bakıdakı təsisləşmə layihəmiz hazırdı, növbəti mərhələ işləri gedir. "Qarabağ" ordakı stadion, burdakı imkanlarla ən yüksək yerlər uğrunda mübarizədə önəmli üstünlüyə sahib olacaq. Ən çox azarkeşi olan iki klubdan biri "Qarabağ"dı. Həm Ağdam, həm də Bakıda meydançanın olması klub azarkeşlərinin də futboldan həzz almalarına, həm mərkəzə yaxın, həm də bölgədə komandalarına dəstək olmalarına imkan verəcək. Bu azarkeşlərin klublarına canlı azarkeşlik etməsi üçün çox önəmlidi. Komandasının qələbəsindən yaranan nikbinlik onların həyatında öz əksini tapacaq.

 

- Ağdamda böyük izdihamla qarşılaşdız. Qarabağlılar "Qarabağ"ı böyük sevinclə qucağına aldı. Orda həyəcan keçirdiyiniz, unudulmaz anlar oldumu?

 

- İlk olaraq ordakı əsgərlərin təmiz, məsum sifəti, cəsarətləri məni çox duyğulandırdı. Cəbhənin  bir addımlığında onların gözlərinə baxan əsgərlər heç zaman yaddaşımdan silinməyəcək. Allah onları qorusun. İnşallah, ailələrinə zədə dəymədən, sağlam dönsünlər. Mənim üçün həyəcanlı an isə futbol sahəsinin açılışı zamanı oldu (gülür). Ənənəyə görə qırmızı lent sağ əllə kəsilməlidi. Mənim üçün isə bu çox çətin idi. Çünki əsas işləri sol əllə görürəm. Oraya yaxınlaşdığım an həyəcanlı idim ki, sağ əllə bunun öhdəsindən necə gələcəm? Sol əllə də edə bilməzdim. Çünki ənənəni pozardım. İki dəqiqəlik qayçı və lentlə mübarizə sonda qələbəmlə başa çatdı. Başqa bir nüans həmişə məndən müsahibə götürən media nümayəndələrindən mənim müsahibə götürməyim idi.

 

- Keçək "Qarabağ"ın çempionatdakı çıxışına. Komandanın bu birincilikdə ümumilikdə məqsədi nədi?

 

- Həmişə demişəm, əsas məqsədimiz Azərbaycan futbolunun gələcəyini daha parlaq etmək, işıqlı sabahlar yaratmaqdı. Hələ ötən il çox radikal qərarlar çıxardıq. Komandanın yaş ortalamasını 35-dən 21-ə azaltmaqla gənclərə üstünlük verdiyimizi göstərdik. Bunun acısını da çempionat başlayanda 4 ardıcıl məğlubiyyətlə üzləşməklə çəkdik. Bunu gözləyirdik və komandamızda inamsızlıq yaranmadı. Komandada bir nəfər belə dəyişdikdə necə təsir göstərdiyini dünya futbolundan da görürük. "Fənərbaxça"da Karlosun gəlişi, komandaya uyğunlaşmaması və Tuncayın gedişindən sonra klub hələ də özünə gələ bilmir. Biz isə 21 futbolçunu dəyişdirdik. Bu gün cəsarətlə deyirəm ki, "Qarabağ" gənclərə önəm verən klublar arasında birinci yerdədi. Son 7 görüşdə ardıcıl qələbələr bizim doğru yolda olduğumuzu göstərir. Əminəm ki, futbolçularım da məsələnin ciddiliyini başa düşür. Və cəsarətlə deyirəm ki, "Qarabağ" apardığı siyasətlə Azərbaycan futbolunun gələcəyinin, uğurunun təminatçısına çevriləcək. Artıq ilk işartılar da var. "Qarabağ-2"nin birinci dəstədə liderlər qrupunda yer alması, 19 yaşlı futbolçuların Şotlandiyanı məğlub etməsi və komandanın yarısının "Qarabağ"lı olması buna sübutdu.

 

- Azərbaycan futbolunda hakim problemi də qalmaqdadı. "Qarabağ" da məhz hakim səhvlərinin dəfələrlə qurbanına çevrilib...

 

- Bu məsələyə fərqli prizmadan baxmaq istəyirəm. Hakimlikdə korrupsiyanın varlığı iddia olunursa, onu yaradan, başqa sözlə pulu verən kimdi? Mən "Qarabağ" olaraq vermirəmsə, digərləri də bu yolu tutursa, onda bu problem yaranarmı? Məhz burda klubların - bizim səhv siyasət yürütdüyümüzü qeyd etmək yerinə düşür. Problem klublardan başlayır. Məhz klubların feyr-pley prinsiplərindən kənar hərəkət edərək öz ambisiyalarını yeritmək istəyi bu problemin özəyidi. İstər "Qarabağ" klubu, istərsə də sponsorumuz "Azərsun Holdinq" olaraq bir prinsipimiz var: başqalarını günahlandırma, özünü dəyiş. Məhz bu prinsiplərlə korrupsiyaya qarşı mübarizə aparırıq. Dəfələrlə bunun qurbanı olsaq da, "Qarabağ" korrupsiyaya qarşı mübarizə aparanlar arasında ilk yerlərdə gedir. Təmiz futbol istəyirəmsə, özüm təmiz olmalıyam. Əlbəttə, belə klublarımız da var və onlara hörmətim böyükdü. İnamım böyükdü ki, hakimi bu yola çəkən klublar da bizim getdiyimiz yolu tutaraq Azərbaycan futbolunu inkişaf etdirəcək.