QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
İSAAC PUPO: “VEA İLƏ MÜQAYİSƏ OLUNMAQ MƏNİM ÜÇÜN ŞƏRƏFDİR”

“Qarabağ” bu mövsümün əvvəllərində bir neçə oyunçunu transfer etməklə daha da gücləndi. Komandanın heyətində əcnəbi futbolçulara az yer verilsə də İsaac Pupo baş məşqçi Rasim Karanın rəğbətini qazana bilib. Gənc futbolçu ölkəmizə gəldiyi ilk vaxtlarda istədiyi kimi çıxış edə bilməsə də, getdikcə futbolumuza uyğunlaşmağa başladı. Hazırda “Qarabağ”ın əvəzedilməz futbolçularından hesab olunan Pupo yüksək texnikası və dəqiq ötürmələri ilə seçilir. Komandasının “İnter”lə kubok oyununu kənardan izləyən futbolçunun “Çempion” qazetinə verdiyi müsahibəsi ilə siz də tanış ola bilərsiniz.

“Sonuncu komandam “Neftçi”yə çox bənzəyirdi”

-         Əvvəlcə özün haqqında oxucularımıza məlumat verərdin...

-         1985-ci il oktyabr ayının 23-də Liberiyada anadan olmuşam. Kiçik yaşlarımdan futbolun içindəyəm. Balacalıq illərimdə hər zaman düşünmüşəm ki, bir gün mən də peşəkər oyunçu olacağam. Elə oldu ki, vətənimdə futbol məktəblərindən birinə yazıldım. Daha sonra da bir neçə il orada çıxış etdikdən sonra karyeramı xaricdə davam etdirmək qərarına gəldim. Gördüyünüz kimi indi Azərbaycandayam.

-         Heç fikirləşirdin ki, bir gün Azərbaycanda oynayacaqsan?

-         Açığını desəm xeyir. O zamanlar daha çox Avropa klublarını xəyalımıza gətirirdik. Tale elə gətirdi ki, futbol həyatımın ilk illərini Azərbaycanda keçirməli oldum. Ancaq burada olduğuma görə peşman deyiləm. Çünki kifayət qədər peşəkar insanlarla bir yerdə işləyirəm.

-         Bəs, Azərtbaycana gələnə qədər ölkəmiz haqqında hansısa informasiyaya malik idin?

-         Xeyr, belə bir dövlətin olmasından xəbərsiz idim. Amma gəlib gördüm ki, çox gözəl ölkəniz var. Azərbaycanın bu cür ola biləcəyini təsəvvürümə gətirmirdim.

-         Necə oldu ki, “Qarabağ”da oynamağa razılıq verdin?

-         Hələ Liberiyada çıxış edərkən menecerim mənə digər ölkələrdə oynaya biləcəyim barədə məlumat   vermişdi. Mən də bir gün mütləq xarici çempionatda çıxış edəcəyimi qarşıma məqsəd qoymuşdum. Dediyim kimi hər şeyi menecerim təşkil etdi. O, əvvəlcə mənə bildirdi ki, Türkiyədən olan bir məşqçi sənin xidmətində maraqlıdır. Sonradan özüm də qərara gəldim ki, Liberiyanı tərk etməyin vaxtı gəlib çatıb. Həmin türkiyəli mütəxəssis isə Rasim Kara idi.  Bundan sonra Türkiyəyə,ordan isə Azərbaycana gəldim. Bununla da “Qarabağ”dakı karyeram başlandı.

-         Böyük futbola gəlişin və indiyə qədər çıxış etdiyin klublar barədə məlumat verə bilərsən?

-         “Qarabağ”dan öncə ölkəmdə 3 komandanın şərəfini qorumuşam. Onlardan ikisi elə güclü komanda olmasa da, sonuncu komandam Liberiya çempionu idi. Əvvəlcə “Club Breveries” və “Caldvell Super Stars” kollektivlərinin formasını geyinmişəm. Bu klublarda yeniyetməlik illərimi keçirmişəm. Daha sonra isə ölkəmin ən güclü komandalarından olan LPRC məni öz sıralarına qatdı. Həmin klubla Liberiya çempionu oldum. Maraqlısı orasındadır ki, bu komanda sizin “Neftçi”yə çox bənzəyirdi. Çünki onun da sponsoru neft şirkəti idi.

-         Avropa və Asiya futbolunu özündə birləşdirən Azərbaycanla Afrika futbolunun nümayəndəsi olan Liberiyanı necə müqayisə edərdin?

-         Bu iki ölkə futbolu arasında fərqlər çox böyükdür. Əvvəlcə onu qeyd etmək yerinə düşərdi ki, Afrika ölkələrinin çoxunda futbola sərmaye qoyuluşu geniş miqyas almayıb. Azərbaycanda isə bu idman növünə maliyyə dəstəyi böyükdür. Digər tərəfdən, özünüz də qeyd etdiyiniz kimi, sizin futbolunuz Avropaya daha yaxındır. Məncə buradan Avropaya getmək rahatdır, nəinki Liberiyadan. Daha bir fərq isə Azərbaycanda texnikalı oyuna daha çox üstünlük verilməsidir. Bir çox Afrika ölkələrində olduğu kimi, Liberiyada da güc futbolu önəmli yer tutur.

-         Azərbaycan çempionatının səviyyəsi səni qane edir?

-         Artıq yarım ildən çoxdur ki, ölkənizdəyəm. Hər hansı bir çempionatda birincilik uğrunda bir neçə komanda mübarizə aparırsa, deməli orada maraqlı futbol  var. Hazırda “Olimpik”, “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” birincilik üçün yarışırlar. Digər kollektivlər isə öz planlarına uyğun oyun göstərirlər. Bundan əlavə, sonuncu yerlərdə qərarlaşan kollektivlərin elitada qalmaq uğrunda döyüşməsini də saydıqlarımıza əlavə etsək, çempionatın maraqlılığı daha da artar.

-         Bəs Azərbaycan futbolunun çatışmazlıqları yoxdur?

-         Əlbəttə ki, var. Mən bunların ən böyüyünün adını çəkmək istərdim. Bu meydançaların istənilən səviyyədə olmamasıdır. Hər halda, Azərbaycanda hər komandanın özünün normal bir meydançası olsaydı, daha yaxşı olardı. Ancaq mən görürəm ki, bu yöndə işlər görülür. Ən azı öz komandamızı misal göstərə bilərəm. inanıram ki, bir neçə ildən sonra ölkənizdə bu cür problemlər olmayacaq.

-         Rasim kara və onun gəncləşdirmə siyasəti barədə nə  deyə bilərdin?

-         Fikrimcə, Azərbaycan futbolu üçün ən düşünülmüş addımdır. Siz də bilirsiniz ki, hazırda futbolunuzun gənclərə ehtiyacı var. Bunun üçün isə hər klubun gənclərdən ibarət heyəti  olmalıdır. Bu, həm də milli komandanızın çıxışına təsir edər. Bizim məşqçimiz uğurlu bir yol tutub. Artıq bir neçə ildən sonra “Qarabağ”ın çempionluq uğrunda mübarizə aparan gənc heyəti olacaq. Rasim Karanın özünə gəlincə, öncə onu bildirmək istərdim ki, o, intizamı çox sevən mütəxəssisdir. Bununla bərabər, Kara həyatda çox mülayim insandır. Futbolçularla çox gözəl dialoq qurur. Hər şeydən qabaq isə “Qarabağ”ın uğurları üçün çalışır.

-         Dil problemin sənə maneçilik törətmir ki?

-         Hazırda bu cəhətdən heç bir çətinliyim yoxdur. Çünki futbolunuzda bəzi terminlər var ki, onları bilmək kifayət edir. Mən də artıq onları öyrənmişəm. ancaq ilk gəldiyim vaxtlarda mənə çox çətin idi.

“İnter” səddini keçib kuboku qazanmaq istəyirik”

-         Komandanız hazırda kubok uğrunda mübarizəni davam etdirir. Səncə, ¼ finalın cavab qarşılaşmasında “İnter”i yenə biləcəksiniz?

-         Indi bu barədə konkret söz demək mümkün deyil. Lakin inanıram ki, “Qarabağ” olaraq bunu bacara biləcəyik. “İnter” çox güclü heyətə sahibdir. İlk görüşdə “bankirlər” yaxşı oyun nümayiş etdirdilər. Bütün bunlara baxmayaraq, inanırıq ki, turu keçən biz olacağıq.

-         Eşitdiyimizə görə, ölkəndə səni Liberiyanın dünya futboluna bəxş etdiyi ulduz futbolçu Corc Vea ilə müqayisə edirlər. Həttə sənə “ikinci Vea”da deyirlər...

-         Vea “Milan”ın heyətində 4 il elə karyera keçirib ki, onu təkrarlamaq qeyri mümkündür. Bundan əlavə həmyerlim 1995-ci ildə Avropanın və dünyanın ən güclü futboçusu seçilib. Onun kimi olmaq hamımızın ən böyük arzusudur. Hər halda Corc Vea ilə müqayisə olunmaq mənim üçün şərəfdir.

-         Əgər təklif olsaydı, Azərbaycanın hansı komandasına transfer olunmaq istərdin?

-         Mən hazırda “Qarabağ”ın futbolçusuyam və onun uğurları üçün çalışıram. Bu barədə fikirləşməmişəm.

“Məncə “Neftçi” Azərbaycan çempionu olacaq”

-         Səncə mövsümün sonunda hansı komanda çempion adını qazanacaq?

-         İndidən bunu demək çox çətindir. Ancaq mənə elə gəlir ki, sonda qızıl medalları “Neftçi” qazanacaq.

-         Dünyada hansı komandanı və futbolçunu azarkeşisən?

-         “Barselona” balacalıqdan ən sevdiyim klub olub. Hazırda onlar çox əla heyətə sahibdirlər. Oyunçuya gəlincə isə, Zinəddin Zidan dünyanın gəlmiş-getmiş ən güclü futbolçusudur.

-         Ölkəmizdə yenisən. Bakı haqqında nə deyə bilərdin?

-         Çox gözəl şəhərdir. Ancaq məşqlərdən boş vaxt tapa bilmədiyim üçün paytaxtınızı çox da gəzə bilmirəm. Ümumiyyətlə azərbaycanlılar mehriban insanlardır. Məhz buna görə də özümü xarici ölkədəki kimi hiss etmirəm