QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"İNTER"Ə 3 XALI MAHMUD QAZANDIRDI (Champion 21.04.2008)
”İnter”: 88. Svilen Semyonov, 4. Roman Qoela (23. Georgi Vladimirov, 90+3), 5. Milan Zaqorats, 6. Əliyar İsmayılov (k), 7. Mahmud Qurbanov, 12. Xəyal Mustafayev, 16. Tomas Rajanauskas, 17. Elvin Məmmədov (8. Nizami Hacıyev, 71), 19. Ruslan Abbasov, 20. Xaqani Məmmədov (14. Petar Zlatinov, 82), 25. Cavid Hüseynov
Baş məşqçi: Valentin Xodukin
”Qarabağ”: 1. Fərhad Vəliyev, 3. Aftandil Hacıyev, 4. Azər Məmmədov, 5. Maksim Medvedyev (11. Rauf Əliyev, 76), 6. Mamaduba Soumah, 8. Aslan Kərimov (k), 10. Kənan Kərimov, 13. Nodar Məmmədov (19. Elşən Məmmədov, 46), 15. Ayxan Abbasov, 20. Vaqif Cavadov (17. Şəhriyar Xəlilov, 59), 26. Zaur Həşimov
Baş məşqçi: Rasim Kara
Qol: M. Qurbanov, 11
Sarı vərəqələr: R. Abbasov, 17, X. Məmmədov, 63
Hakimlər: Azad Mütəllimov, Arif Ağayev, Azər Əsgərov, Əmrah İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Murad Məmmədov
19 aprel. “Şəfa” stadionu. 800 tamaşaçı
Avrokuboklara düşməyə iddialı “İnter” “Qarabağ”ı qəbul edirdi. “Bankirlər”in baş məşqçisi Valentin Xodukin bu dəfə bir neçə oyunçunu ehtiyatda saxlamışdı. Bu da səbəbsiz deyildi. Belə ki, “İnter”i aprelin 23-də “Neftçi” ilə çətin kubok oyunu gözləyir. Ukraynalı çalışdırıcı Nizami Hacıyev, Emin İmaməliyev, Samir Abbasov və Valter Quqlemonu meydançaya buraxmamışdı. Nəticədə Cavid Hüseynov kimi gənc oyunçu ilk dəqiqələrdən mübarizə aparmaq imkanı əldə etmişdi. “Qarabağ” isə müxtəlif səbəblərdən Hüseyn İsgəndərov, Viktor İbekoyi və Murad Ağakişiyevin xidmətlərindən yararlana bilmirdi. Maraqlıdır, “bankirlər” son üç mövsümdə daim öz meydançalarında “Qarabağ”ı məğlub etdiklərinə görə onların şansı bu dəfə də yüksək qiymətləndirilirdi.
Oyuna meydança sahibləri üstün başlasalar da, ilk təhlükəli vəziyyəti qonaqlar yaratdılar. Kənan Kərimovun zərbəsi təhlükəli alındı. Bundan sonra fəallaşan “İnter” sürətli hücumlar təşkil edərək qol vəziyyətləri yaratmağa çalışırdı. 11-ci dəqiqədə onlar istəklərinə çatdılar. Aftandil Hacıyevin səhvindən yararlanan Xaqani Məmmədov topu ələ keçirdi. Məmmədov-Roman Qoela kombinasiyasını Mahmud Qurbanov dəqiq zərbə ilə tamamladı. Qoldan sonra oyunun tempi xeyli aşağı düşdü. Düzdür, “Qarabağ” hesabı bərabərləşdirməyə çalışırdı. Ağdam təmsilçisi sol cinahdan hücum qurmağa çalışsa da, onların istəkləri alınmırdı. Yalnız 30-cu dəqiqədə Rasim Karanın yetirmələri qapıya doğru zərbə endirə bildilər. Lakin Vaqif Cavadovun əlverişli mövqedən vurduğu zərbə qapının yanından keçdi. Az sonra o daha bir qol imkanını boşa verdi. Komandasının zəif oyununu görən Rasim Kara fasilədə Nodar Məmmədovun yerinə Elşən Məmmədovu meydançaya buraxdı. Lakin ilk qol imkanını yenə “İnter” yaratdı. Mahmud Qurbanovun cərimə zərbəsindən vurduğu top qapının yanından keçdi. Bundan sonra Qoelanın zərbəsini qapıçı tutdu. Nisbətən fəallaşan “Qarabağ”dan Aslan Kərimovun zərbəsi təhlükəli alındı. Az sonra Zaur Həşimov Svilen Semyonova çətin anlar yaşatdı. Oyunun sonlarında “İnter” təşəbbüsü yenidən ələ aldı. 80-cı dəqiqədə Nizami Hacıyevin cərimə zərbəsindən vurduğu top qapı tirindən döndü. Görüşdə daha qol vəziyyəti olmadı və “İnter” öz meydançasında ardıcıl beşinci qələbəsini qazandı. “Neftçi”nin xal itirməsi nəticəsində “bankirlər” avrokuboklara getmək şansını xeyli artırdılar. Matçdan sonra bizi təəccübləndirən daha bir məqam baş verdi. Belə ki, beşinci turdan sonra ilk dəfə “İnter”in baş məşqçisi Valentin Xodukin mətbuat konfransına baş çəkdi.
Valentin Xodukin: “Bu gün yaxşı oynadıq. Hər iki komanda meydançada hərəkətli idi. öz vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə futbolçuları təbrik edirəm”.
Rasim Kara: “Bu il “İnter”lə dörd dəfə qarşılaşdıq. Hər dəfə onlar bizdən üstün oynayıblar. Buna səbəb “İnter”in çox geniş heyətə malik olmasıdır. Həm də biz adi səhvlərdən qol buraxırıq. Bu oyun da maraqlı keçdi. Mən elə fikirləşirəm ki, “Qarabağ” çempionatda layiq olduğu yerdədir”.