QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Namiq Yusifov: «Belə heyvanları Bakıda saxlamaq mümkün deyil. Xüsusilə akulanı (qol.az)

Hazırda Antalyada təlim-məşq toplanışında olan Ağdamın «Qarabağ» klubunun yarımmüdafiəçisi Namiq Yusifov Qol.Az saytının suallarını cavablanırıb

- Komandanızın Antalyada təlim-məşq toplanışı necə gedir?
- Hər şey əladı. Ehval-ruhiyyə yüksək 
səviyyədədir, uşaqlar məsuliyyəti başa düşürlər və tam gücləri ilə məşq edirlər.
- Baxışa gələn yeni futbolçular komandaya uyğunlaşa bilibmi? Şəxsən sən onlardan hansını bir futbolçu kimi daha çox bəyənirsən?
- Onlar haqda son sözü Qurban müəllim deyəcək, mən bu barədə nəsə söyləyə bilmərəm. O futbolçulardan hansı «Qarabağ»ın formasını geysə, onunla yaxınlıq edib özünü qərib hiss etməyə imkan verməyəcəyəm.
- Vaqif Cavadovun «Qarabağ»dan getməsi komandada ümumi əhval-ruhiyyəyə necə təsir göstərib?
- Əlbəttə, Vaqif kimi oyunçu komandaya böyük kömək idi, Azərbaycanın bir nomrəli futbolçusu adını ona təsadüfən verməyiblər. Amma bizdə kollektiv oyundu və inanıram ki, hər şey qaydasında olacaq. Vaqifin «Tvente»də də qollar vurub bizi sevindirəcəyinə inanıram.
- Azərbaycan futbolçularına xaricdə tanınan klublardan təkliflər gəlir. Vaqif Cavadov «Tvente»yə, Mahir Şükürov «Anji»yə keçdi. Namiq Yusifov da xaricdən dəvət alıb?
- Xeyr, ciddi bir təklif yoxdur.
- Deyilənə görə, futbolla yanaşı həm də bizneslə məşğulsan. İki işi birdən idarə etmək çətin deyil?
- Bəli, bir ara bizneslə məşğul oldum. Amma 
futboldan əlavə nəsə ciddi bir iş görmək çətindir. Çünki hər zaman  orda-burda olursan və işə istədiyin kimi nəzarət edə bilmirsən.. Ona görə də mənim biznes işimlə əsasən şəriklərim məşğul olur.
- Zaur Ramazanov deyir ki, bahalı «Porshe»sini sənə satıb. Deyəsən, sən də möhkəm maşın həvəskarısan.
- Hə, maşınları sevirəm. Ən sevdiyim marka da «Porshe»dir. Zaur maşını satmaq istəyəndə təklif etdim ki, maşını mən alım, başqasına qismət olmasın. Razılaşdıq. Həm surətlidir,  həm də hündür maşındır. Bir sözlə, çox rahatdır.
- Bugünlərdə İnternetdə sənin heyvanlarda çəkdirdiyin şəkillərə rast gəldik. Akula, şir… Olmaya bu heyvanları özün saxlayırsan?
- Xeyr, elə heyvanları Bakıda saxlamaq hələ mümkün deyil. Xüsusilə akulanı. Sadəcə olaraq, heyvanları sevirəm. Maraqlı şəkillər çəkdirməyi də həmçinin.
- Yəqin ki, «ötən il sənin üçün hansı oyun daha yadda qaldı» sualını versəm, «Rusenborq»la Ağdamın işğalı gününə təsadüf edən Bakıdakı matçı qeyd edəcəksən. Əslən Ağdam rayonundan olduğunu nəzərə alsaq, bu oyuna daha çox peşəkar futbolçu, yoxsa torpağını itirmiş qarabağlı kimi çıxmışdın?
- Mən Azərbaycanın hər qarışını, o cümlədən onun ayrılmaz hissəsi olan Qarabağı çox sevirəm. Əminəm ki, inşallah, tezliklə bir də ora qayıdacağıq. Amma bildiyiniz kimi, futbol elə bir oyundur ki, burda soyuq baş və  isti ürək lazımdır. Ona görə də emosiyaları cilovlayıb o oyuna çıxdıq, əlimizdən gələni etdik və belə bir həssas gündə istəyimizə çatdıq.
- Söhbətə təlim-məşq toplanışı ilə başlamışdıq, elə onunla da yekun vuraq. Bu topanışdan sonra çempionatın oyunları 
başlayır. Səncə, «Qarabağ»ın yolu bundan sonra haradır - çempionluğamı?
- «Qarabağ»ın yolu həmişə zirvəyə doğru olub, bunun üçün axıra qədər vuruşmuşuq. İnanıram ki, Allahın köməkliyi ilə bu il layiqli yer tutacağıq. Unutmaq lazım deyil ki, komanda çoxdu, amma birinci yer 
bir dənədi. İnanıram və əminəm ki, o yer ora layiq olana - «Qarabağ»a qismət olacaq.


"