QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: «Qurban Qurbanovu istefaya göndərməkdən söhbət gedə bilməz» (qol.az)
«Qarabağ» son zamanlar uğursuz çıxış etsə də, fikrimcə, hələ heç nəyin sonu deyil». Bu sözləri Qol.Az saytına açıqlamasında son vaxtlar komandasının Premyer Liqada uğursuz çıxışlarına münasibət bildirən «Qarabağ»ın direktoru Əmrah Çəlikəl söyləyib. Onun sözlərinə görə, alınan uğursuz nəticələr klub rəhbərliyinə pis təsir göstərib. Klubun direktoru buna rəğmən komandalarının toparlanacağına inandığını deyib: «Düzdür, komandamızın son zamanlar pis nəticələr alması hər bir azarkeşimiz kimi, bizi də üzür. Fikrimcə, bu üzüntümüzün bir sonu olacaq. Ardıcıl alınan mənfi nəticələrə baxmayaraq, hələ ki, gec deyil. Hələ qarşıda altı matç var. İnanıram ki, həmin oyunlarda qələbə qazanaraq, komanda ruhunu geri qaytaracağıq».
Ə.Çəlikəl uğursuz çıxışın qış transfer pəncərəsi zamanı oyunçu almamaları ilə bağlı olmadığını da deyib. O, komandada müəyyən yorğunluğun olduğunu diqqətə çatdırıb: «Biz əsasən yerli oyunçulara üstünlük veririk. Məqsədlərimizdən biri yerli oyunçuların yetişdirilməsidir. «Qarabağ»la ağır və çətin yola çıxdığımızı hər birimiz dərk edirdik. Lakin inanıram ki, biz yerli futbolun inkişafına öz töhfəmizi verəcəyik. Düzdür qış transfer pəncərəsi zamanı bir hücumçu almaq üçün axtarışlar apardıq. Yekunda Adamiyanın üzərində dayandıq. Lakin komandamıza, Azərbaycan futboluna xeyir verəcək ikinci bir oyunçu tapa bilmədik».
Ə.Çəlikəl uğursuz çıxışların davam edəcəyi təqdirdə baş məşqçi ilə yollarını ayırıb-ayırmayacaqları ilə bağlı fikirləri də bölüşüb: «İlk olaraq qeyd edim ki, uğursuz nəticələrə baxmayaraq, biz Qurban Qurbanovla yolumuza davam edəcəyik. Bizim hədəfimizə məhz Qurban Qurbanovla çatacağıq. Biz Qurban Qurbanovu istefaya göndərmək haqda, ümumiyyətlə, düşünmürük və bundan söhbət gedə bilməz. O, «Qarabağ»da indiyədək böyük işlərə imza atıb. Hesab edirəm ki, komandanın belə uğursuz çıxış etməsinin bir səbəbi var, o da yorğunluqdur. Eyni oyunçular ardıcıl olaraq matçlar keçirir. Təbii ki, burada həm psixoloji gərginlik var, həm də fiziki. Biz komanda rəhbərliyi olaraq bu gərginliyi aradan qaldırmaq üçün oyunçularla müntəzəm olaraq görüşüb, söhbətlər aparırıq».