QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Elvin Məmmədov: “Mən bunun əziyyətini hələ də çəkirəm” (qol.az)

Final mərhələsində uğursuz çıxışıyla diqqət çəkən “Qarabağ”ın heyətində də bəzi oyunçular var ki, əvvəlki parlaq oyunun sərgiləyə bilmir. Belə futbolçulardan biri də Ağdam təmsilçisinin və millimizin aparıcı futbolçularından olan Elvin Məmmədovdur. Yarımmüdafiəçi Qol.Az-a müsahibəsində özünün və komandasının son dövrlərdəki geriləməsiylə bağlı sualları cavablandırıb.

- Elvin, qarşıda sizi “Bakı”yla çətin oyun gözləyir. Hazırlıqlarınız necə gedir? Komandada əhval-ruhiyyə necədi?
- Artıq hər şey qaydasındadır. Hər oyuna necə, “Bakı”yla duelə də elə hazırlaşmışıq. Son dövrlər istədiyimiz nəticələri qazana bilmirik. Komandada sanki nəsə çatışmırdı. Lakin hazırda vəziyyət yaxşıya doğru dəyişməkdədir. Son oyunda, nəhayət, qələbə qazandıq. İnşallah, növbəti matçımızda da həmin uğurun davamını gətirməyə çalışacağıq. Uşaqlar da bunun üçün hərtərəfli hazırlaşıblar. Bütün istəyimiz doğma azarkeşlər qarşısında keçirəcəyimiz bu oyunda maksimum nətcə əldə edərək, onları sevindirməkdir. İnanıram ki, bu vəzifənin öhdəsindən layiqincə gələ biləcəyik.
- Amma “Bakı”nı bu mövsüm doğma meydanda yenə bilməmisiz. Düzdü, təsnifat mərhələsindəki səfər matçında qələbə qazansanız da, final mərhələsində uduzdunuz. Bu müddətdə baş verən hansı dəyişikliklərə əsasən doğma meydanda qələbə qazanacağınızı düşünürsən?
- Dəyişiklik çox olub. Əvvəla özümüz final mərhələsinə heç də uğurlu başlamadığımızdan, ən azı bundan sonrakı görüşlərdə mütləq qələbə qazanmaq istəyirik. “Bakı”da da az dəyişiklik olmayıb. Mövsüm ərzində paytaxt klubunda bir neçə dəfə məşqçi dəyişikliyi olub. Bakıda yenildiyimiz matçda bu komandanı çalışdıran Bülənt Qorxmaz hazırda “zolaqlılar”ın sükanı arxasında deyil. Düzdür, böyük üstünlük saıylmasa da, ümid edirəm ki, həmin yenilginin əvəzini artıqlamasıyla çıxa biləcəyik. Açığı, həmin matçda çox bərbad oyun sərgilədik. Rəqib qazandığı qələbəyə layiq idi. Bu dəfə isə həmin səhvləri təkrarlamamalıyıq. Məhz belə olan halda, təsnifat mərhələsində doğma meydanda keçirdiyimiz görüşdəki xal itkisini də unutmuş olacağıq.
- “Qarabağ” final mərhələsində heç də özünə oxşamır. Yalnız son turda “Neftçi”yə qalib gələ bildiniz. Səncə, son uğursuzluqların səbəbi nədədir?
- Hər bir komandanın eniş və yüksəliş dövrü olur. Yəni elə bir komanda yoxdur ki, bütöv mövsüm ərzində parlaq oyun sərgiləsin, ardıcıl uğurlar qazansın. Çünki uğursuzluqdan heç kim sığortalanmayıb. Konkret səbəbləri demək mənə çətindir. Təbii ki, uğur qazanmağımıza mane olan amillərin hamısını bilsəydik, bunu əl-ələ verib aradan qaldırardıq. İstənilən halda çalışırıq ki, mövsümün qalan hissəsində həm öz oyunumuzu göstərək, həm də “Qarabağ”ın nəyə qadir olduğunu hər kəsə sübut edək.
- “Qarabağ” yığmada ən çox futbolçuyla təmsil olunan komandadır. Olmaya, millinin tez-tez keçirilən təlim-məşq toplanışları sizin Premyer Liqaya daha yaxşı köklənməyinizə mane olur?
- Etiraf edim ki, bunun da təsiri var. Yəni yollar, gediş-gəliş, istər-istəməz bizi yorur. Amma uğursuzluğumuzun səbəbini sırf bununla da bağlamaq istəmirəm. Ən azı ona görə ki, biz peşəkar futbolçuyuqsa, bütün bunlara tab gətirməli, belə yorğunluqların oyunumuza ciddi təsir göstərməsinə imkan verməməliyik. Digər tərəfdən, millinin toplanışları da lazımdır. Çünki əsas komandayla seçmə mərhələdə bizi çətin görüşlər gözləyir ki, həmin oyunlarda lazımi nəticələr qazanmaq üçün indidən yaxşı hazırlaşmağımız vacibdir.
- “Qarabağ”ın son 5 tura əsasən şanslarını necə dəyərləndirirsən?
- Çempionluq şanslarımız az olsa da, qitəmiqyaslı yarışlara qatılmağımız mümkündür. Bizim də əsas məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Son turlarda uğurla çıxış etsək, inanıram ki, avroliqaya vəsiqə qazanmağımız problem olmayacaq.
- Son dövrlər sən özün də komandan kimi parlaq oyun sərgiləyə bilmirsən. Əvvəlki formandan uzaq düşməyin nə ilə bağlıdır?
- Bu mövsüm zədələr məndən əl çəkmir. Üst-üstə aldığım zədələrdən sonra həm fiziki cəhətdən gerilədim, həm də 4-5 matçda meydana çıxmamağım oyun praktikasından əziyyət çəkməyimə gətirib çıxardı. Bunun əziyyətini hələ də çəkirəm. Ancaq zədəm artıq tam sağalıb və əvvəlki formamı bərpa etmək üçün əlimdən gələni edirəm. İnşallah, tezliklə hər şeyin yoluna düşəcəyinə inanıram.