QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Devran Ayhan: Batmanlı olduğum üçün onların könlünü şad etmək istədim (apasport.az)
“4-5 gündür məşqlərdə iştirak edirəm. Futbolçuların yarısı yığmanın düşərgəsində olduğundan, tam heyətlə hazırlaşa bilmirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun son transferi olan Devran Ayhan deyib.

İki il əvvəl Rasim Karanın dəvəti ilə “Xəzər Lənkəran”a gətirilən dayaq yarımmüdafiəçisi Mirça Rednikin baş məşqçi təyin edilməsindən sonra transferə çıxarıldı. Daha sonra cənub təmsilçisinin rəhbərliyi özünə klub tapana qədər türkiyəli legionerin əvəzedici komandada məşq etməsini icazə verdi. Ötən həftə isə “Qarabağ”la anlaşan Ayhan cari mövsümü Ağdam təmsilçisinin heyətində keçirəcək.

Yeni komandasından razılıqla danışan futbolçu “Xəzər Lənkəran”la aralarında heç bir problemin yaranmadığını bildirib: “Hər şey normaldır. “Xəzər Lənkəran”dan halallıqla ayrılmışam. Bu klubun vitse-prezidenti Tuyqun Nadirov saytınıza açıqlama verən vaxt Bakıya yenicə qayıtmışdı və hadisələrin gedişindən yəqin ki məlumatlı deyildi. Elə bilirdi ki, mən “Qarabağ”la özbaşına müqavilə bağlamışam. Amma heç vaxt belə etmərəm. Bütün qaydalar düzgün yerinə yetirilib. Öyrənə bilərsiniz”.

“Qarabağ”da hansı mövqedə çıxış edəcəyini hələ bilməyən Ayhan əsasən yarımmüdafiədə oynadığını və baş məşqçinin də yəqin bu mövqedə şans verəcəyinə ümid edir: “Bununla bağlı baş məşqçi Qurban Qurbanovla danışmamışam. Həmişə yarımmüdafiə xəttində çıxış etmişəm. Sonuncu müdafiəçi mövqeyində oynamamışam. Amma baş məşqçi hansı mövqedə oynamağı tapşırsa, orda da çıxış edəcəm”.

“Qarabağ”da da 72 nömrəli futbolkada meydana çıxacaq türkiyəli legioner səbəbini belə izah edib: “Türkiyədə hər kəs doğulduğu bölgənin nömrəsini seçir. Mən də Batmanlı olduğuma görə, onların könlünü şad etmək məqsədi ilə bu nömrəni seçmişəm”.