QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” tarix yazır və təkrarlayır (apasport.az)

Azərbaycan Premyer Liqasının XXIII turunda “İnter”i məğlub edən Ağdamın “Qarabağ” klubu ardıcıl 8-ci qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, təsnifat mərhələsini ardıcıl 7 qələbə ilə başa vurub final mərhələsinin startında bu seriyanı davam etdirən Qurban Qurbanovun yetirmələri 2 rekorda imza atıblar.

Yeni rekord
1992-ci ildə keçirilən ilk Azərbaycan çempionatından başlayaraq daim güclülər dəstəsində çıxış edən “Qarabağ” indiyədək heç vaxt 1 mövsümdə ardıcıl 8 qələbə qazanmamışdı. Ağdamlılar ən yaxşı halda 7 qələbəni sıralamışdı. 1992-ci ildə 2 dəfə, 1996/97 mövsümündə isə 1 dəfə belə - 7 oyunluq qələbə seriyası qeydə alınmışdı. “İnter”lə matçda qalibiyyət seriyasını 8-ə çatdıran “Qarabağ” bununla da tarixinin çempionatlardakı ən yüksək göstəricisinə imza atdı.

Rekord təkrarlandı
Lakin ardıcıl 8 çempionat oyununda 3 xalın qazanılması Ağdam təmsilçisi üçün mütləq rekord deyil. Bu, ən yaxşı nəticənin təkrarıdır. Lakin indikindən fərqli əvvəlki rekord 1 deyil, 2 mövsümə təsadüf etmişdi. 1992-ci il çempionatını ardıcıl 7 qələbə ilə başa vuran ağdamlılar 1993-cü ildəki ilk oyununda da qələbə qazanmışdı. Bununla da qələbə seriyası 8-ə çatmışdı. Martın 7-də Sumqayıtda “Xəzər”ə 0:1 hesabı ilə uduzan “Qarabağ” 8-də qalmışdı. İndi həmin nəticəni təkrarlayan Qurban Qurbanovun yetirmələri növbəti turda 9 səddini hədəfləyəcək.